XƏBƏRLƏR
30.01.2010Bakı Apellyasiya Məhkəməsinin məlumatı
30 yanvar 2010-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsində 2009-cu ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyəti və qarşıda duran məsələlər barədə məhkəmənin ərazi yurisdiksiyasına aid edilmiş ümumi və bəzi ixtisaslaşdırılmış məhkəmələrin hakimləri ilə toplantı keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev son illər məhkəmə-hüquq sahəsində aparılan məqsədyönlü islahatlardan, bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış müvafiq fərmanların icrası ilə bağlı görülən işlərdən və ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışmışdır.
Bakı Apellyasiya Məhkəmənin sədri eyni zamanda qanunun aliliyinin və məhkəmə hakimiyyətində şəffaflığın təmin olunması, insan hüquq və əsas azadlıqlarının müdafiəsi sahəsində məhkəmələrin qarşısında duran vəzifələrdən danışmışdır.
Məhkəmə kollegiyaları sədrlərinin vəzifələrini icra edən hakimlər tərəfindən müvafiq kollegiyalar üzrə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatları dinlənilmiş, birinci instansiya məhkəməsi hakimlərini maraqlandıran məqamlara aydınlıq gətirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurası Aparatının məsul şəxsləri iştirak etmişlər.









